İnvestisiyanın təşviqi sənədi

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi və sənaye istehsalının artırılması məqsədi ilə 2016-cı ilin əvvəlindən başlayaraq Azərbaycanda investisiyaların təşviqi ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edildi və hazırda investisiya təşviqi sənədi vasitəsi ilə investisiyaların təşviqi həyata keçirilməkdədir.
İnvestisiya təşviqi sənədi – investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müəyyən edilmiş qaydaya uyğun olaraq verilən, qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir. Yəni, investisiya təşviqi sənədi bir açardır, onun vasitəsi ilə sahibkarlar bir sıra vergi və gömrük güzəştləri əldə edir.
Hazırda 20-dən çox müəssisə investisiya təşviqi çərçivəsində müəyyən edilmiş meyarlara cavab verən investisiya layihəsini təqdim edərək bu sənədi əldə edib və güzəştlərdən yararlanmaqdadır.

İnvestiyanın təşviqi sənədinin verilməsi üçün şərtlər və meyarlar.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən, investisiya təşviqi sənədinin verilməsi üçün aşağıdakı meyarlar olmalıdır:
1. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
2. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
3. İnvestisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri” təsdiq edilmiş, meyarlar konkretləşdirilmişdir.
Həmin meyarlara daha ətraflı baxaq.
1. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi
878 nömrəli Fərmanla təsdiq edilmiş qeyd olunan sənəddə 30 adda fəaliyyət sahəsi göstərilmişdir. Bu sahələrə kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması, qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması, bitkilərin intensiv becərilməsi, intensiv bağçılıq, bostançılıq və çayçılıq, iri buynuzlu mal-qaranın yetişdirilməsi, qida məhsullarının istehsalı, geyim istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı, əczaçılıq məhsullarının istehsalı, metallurgiya sənayesi məhsullarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, mebel istehsalı, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı, alternativ enerji istehsalı və onlarla digər sahələr aiddir.
Məhz sənəddə sadalanan həmin sahələr üzrə investisiya layihəsini təqdim edib investisiya təşviqi sənədini əldə etmək olar.
2. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ
Yuxarıda qeyd edilən sənəddə investisiya layihəsinin həcmi ilə bağlı müəyyən edilmiş minimal məbləğlər iqtisadi fəaliyyət sahələri və inzibati ərazi vahidləri (regionlar) üzrə 0,2 milyon manatdan 50 milyon manatadək müəyyən edilmişdir.
Beləliklə, investisiya layihəsi ən azı sənəddə qeyd edilən məbləğdə olmalıdır.
Bununla yanaşı, nəzərə alınmalıdır ki, regionlar üzrə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğlər dəyişir və bir qayda olaraq paytaxtdan uzaq olan regionlara əsasən daha az məbləğdə investisiya tələb olunur. Məsələn, geyim istehsalı sahəsi üzrə Region 1-də minimum 5 milyon manat məbləğində investisiya tələb olunursa, həmin sahə üzrə Region 2-də minimum 2 milyon manat, Region 3-də minimum 1 milyon manat, Region 4-də minimum 0.4 milyon (400 000) manat, Region 5-də isə minimum 0.2 milyon (200 000) manat tələb olunur.

Layihəni təqdim etdikdə sahibkar nəzərdə tutulmuş minimal məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoymalı və qalan məbləği layihə dövründə qoymağa hazır olmalıdır.
Eyni zamanda qanunvericiliyə əsasən, sahibkar, nəzərdə tutulmuş məbləğin 10 faizini müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək hüququna malikdir.
3. İnvestisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri
Yuxarıda qeyd edilən sənəddə Azərbaycan Respublikasının ərazisi 5 regiona bölünmüşdür və regionlara daxil olan inzibati ərazi vahidləri aşağıdakı kimi müəyyən edilmişdir:
​Region 1 – Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla);
​Region 2 – Bakı ətrafı qəsəbələr və Abşeron rayonu;
​Region 3 – Sumqayıt şəhəri, Gəncə şəhəri;
​Region 4 – 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar;
Region 5 – Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları.
Eyni zamanda nəzərə alınmalıdır ki, regionlar üzrə investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri də dəyişir. Yəni ola bilər ki, müəyyən regionda müvafiq iqtisadi fəaliyyət sahəsinə investisiya layihəsi investisiyanın təşviqi çərçivəsində dəstəklənsin, amma bu layihə digər regionda dəstəklənməsin. Məsələn, Bakı şəhərinin aid edildiyi Region 1-də 30 sahədən yalnız 11 sahə üzrə investisiya layihəsi dəstəklənir və güzəştlər verilir.

İnvestiyanın təşviqi sənədinin verilməsi qaydası
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən, müvafiq meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
1. Meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
2. Nəzərdə tutulmuş minimal məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd;
3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
İnvestisiya layihəsi Qaydada göstərilmiş meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədini sahibkara verir və 3 gün ərzində Vergilər Nazirliyini və Dövlət Gömrük Komitəsini bu sənəd barədə məlumatlandırır.
İnvestisiya təşviqi sənədi verildikdən sonra tələb olunur ki, investisiya təşviqi sənədi verilmiş investisiya layihəsi göstərilən meyarlara uyğun həyata keçirilsin. Qaydaya əsasən, İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin Qaydada göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə məlumat verir.

İnvestiyanın təşviqi sənədinin verdiyi vergi və gömrük rüsumu güzəştləri
Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, investisiya təşviqi sənədini almış şəxslərə aşağıdakı qaydada vergi və gömrük güzəştləri verilir:
I. Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlir vergisi ödəməkdən azad edilmə: investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi 7 il müddətinə gəlir vergisindən azaddır. (VM 102.1.23.)
II. Hüquqi şəxslərin mənfəət vergisi ödəməkdən azad edilmə: investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə mənfəət vergisindən azaddır. (VM 106.1.17.)
III. Əlavə Dəyər Vergisi ödəməkdən azad edilmə: investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə ƏDV tutulmur. (VM 164.1.26.)
IV. Əmlak vergisi ödəməkdən azad edilmə: investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. (VM 199.11.)
V. Torpaq vergisi ödəməkdən azad edilmə: investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.(VM 207.5.)
VI. “Gömrük tarifi haqqında” Qanununa əsasən, gömrük rüsumlarından azad edilmə: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumlarından azad edilirlər. (VM 20.0.17.)
Eyni zamanda, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əlavə edilmiş 67-2-ci maddəyə əsasən, investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.
İnvestisiya təşviqi sənədini əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə investisiya təşviqi sənədinin alındığı tarixdən hesablanır.
İnvestisiya təşviqi sənədini almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə, həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparır və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.

TEXNİKANIN, TEXNOLOJİ AVADANLIQLARIN VƏ QURĞULARIN İDXALI ÜÇÜN TƏSDİQEDİCİ SƏNƏD

Mövcud qanunvericiliyə əsasən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumu ilə bağlı güzəştlərdən istifadə hüququ əldə etmək (onlardan azad olunmaq) üçün investisiya təşviqi sənədini aldıqdan sonra müvafiq qaydada texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün Təsdiqedici Sənədi də almaq tələb olunur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilmişdir.
Həmin Qaydaya əsasən, Təsdiqedici sənədi almaq üçün sahibkar İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edir. Ərizə ilə birlikdə, aşağıdakılar da təqdim edilir:
1. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir);
2. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surəti;
3. investisiya təşviqi sənədinin surəti.
Eyni zamanda, “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, sahibkarın qeydiyyat sənədləri (şəhadətnamə, vəsiqə, çıxarış və s.) də tələb edilir.
İqtisadiyyat Nazirliyi təqdim olunmuş ərizəyə (ona əlavə edilmiş sənədlərlə birlikdə), onun qeydiyyata alındığı tarixdən ən geci 7 iş günü müddətində baxır və bu Qaydanın 2.6-cı bəndinin tələblərinə uyğun olduqda, təsdiqedici sənədi tərtib edərək sahibkara verir. Nazirlik verdiyi təsdiqedici sənəd barədə məlumatı 3 iş günü müddətində Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə verir.
Daxil olmuş ərizədə və ona əlavə olunmuş sənədlərdə göstərilən məlumatlar bu Qaydanın 2.6-cı bəndində əks olunan tələblərə cavab vermədikdə, habelə onlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıq aşkar edildikdə, Nazirlik təsdiqedici sənədin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin aktı qəbul olunduğu tarixdən 2 iş günü müddətində sahibkara təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Nəzərə almaq lazımdır ki, istinad olunan 2.6-cı bəndə əsasən, təsdiqedici sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması və investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes plana) uyğunluğu araşdırılır.
Beləliklə, bu bənddən belə nəticə çıxarmaq olar ki, burada iki əsas tələb vardır:
1. idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olmalıdır,
2. onlar investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes plana) uyğun olmalıdır.

Təsdiqedici sənədin ləğv edilməsi
Təsdiqedici sənəd aşağıdakı xüsusi hallarda ləğv olunur:
1. yuxarıda qeyd edilən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 9-cu hissəsinə uyğun olaraq (investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin Qaydada göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi halda) investisiya təşviqi sənədi ləğv edildikdə;
2. təsdiqedici sənəd əsasında idxal olunmuş texnikanın, texnoloji avadanlıqların və qurğuların sahibkar tərəfindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi, investisiya layihəsinin həyata keçiriləcəyi ərazidən kənarlaşdırılması və ya üçüncü şəxsə verilməsi (müəssisənin və ya təsərrüfat obyektinin verilməsi halları istisna olmaqla) haqqında İqtisadiyyat Nazirliyi əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda.
İkinci haldan bu məsələdə aşağıdakı əsas qadağaları müəyyən etmək olar:
– təsdiqedici sənəd əsasında idxal olunmuş texnikanın, texnoloji avadanlıqların və qurğuların sahibkar tərəfindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi;
– onların investisiya layihəsinin həyata keçiriləcəyi ərazidən kənarlaşdırılması və ya üçüncü şəxsə verilməsi (müəssisənin və ya təsərrüfat obyektinin verilməsi halları istisna olmaqla).
Bu qadağalara riayət edilmədikdə Təsdiqedici sənəd ləğv olunur.
Yuxarıdakı xüsusi hallarla yanaşı Təsdiqedici sənəd “Lisenziyalar və icazələr haqqında” Qanunda göstərilən ümumi əsaslara görə də ləğv edilə bilər, məsələn, sənədin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, sənədin müddəti bitdikdə, sənədin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə, sənədin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, məhkəmənin müvafiq qərarı olduqda; sənədin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə və s.
Təsdiqedici sənəd ləğv olunduqda, sahibkar qanunla nəzərdə tutulan güzəştlərdən istifadə hüququnu itirir və o, idxal etdiyi texnika, texnoloji avadanlıqlar və qurğular üçün Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq əlavə dəyər vergisini və gömrük rüsumunu ödəməlidir.
İqtisadiyyat Nazirliyi 3 iş günü müddətində ləğv etdiyi təsdiqedici sənəd barədə Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə məlumat verir.

 

Qeyd: məqalə http://terefdar.az/tehlil/18988-nvestisiyanin-teshviqi-senedi-.html linkindən götürülmüşdür