Ölkədə qonorar mədəniyyəti formalaşmalıdır

“Müəlliflər ayıq olmalıdır”.

Oxu.Az hüquqşünas Allahverən Oruclunun müsahibəsini təqdim edir:

– Allahverən bəy, necə düşünürsüz, müəlliflik hüququ pozulan vətəndaş nə etməlidir?

– Pozuntunun dərəcəsindən asılı olaraq vətəndaş məhkəmədə mülki qaydada iddia qaldıra, habelə, inzibati və cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər.

Vətəndaş eyni zamanda, müəllif hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə müraciət edə bilər. Belə ki, həmin Agentliyin əsasnaməsinə görə bu dövlət orqanının funksiyalarından biri də odur ki, o, pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir.

Habelə, həmin orqan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin piratçılıq yolu ilə istehsalına və yayılmasına, habelə nəzarət markası yapışdırılmayan nüsxələrinin yayılmasına qarşı inzibati tədbirlərin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərir.

Bir də onu qeyd edim ki, baxmayaraq ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur, gələcəkdə mübahisələrini daha tez və asan həll etmək, mövqeyini sübut etmək üçün müəlliflik hüquqlarını əvvəldən Müəllif Hüquqları Agentliyində qeydiyyata aldırmaları məsləhətdir.

– Texnoloji erada yaşayıb (bütün informasiyalar tez və əlçatılandır, asanlıqla insanların razılığı olmadan paylaşıla, yayıla bilir) müəlliflik hüququnun pozulmasının qarşısını almaq nə qədər real səslənir?

– Fikrimcə, bu cür şəraitdə, internetin sərhədlər tanımadığı bir vaxtda müəlliflik hüququnun pozulmasının qarşısını tam almaq real deyil.

Amma bildiyim qədəri ilə, Azərbaycanın Müəllif Hüquqları Agentliyi və onun yanında Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən bu sahədə müəyyən işlər görülür. Xüsusilə, Agentlik digər Avropa ölkələrlə birlikdə internet şəbəkəsində müəllif hüquqlarının qorunması sistemini, bazasını yaradır. İstənilən halda burada daha çox sayıqlıq müəlliflərin öz üzərinə düşür. Öz hüquqlarının pozulduğunu hesab edən müəllif dərhal müdafiə mexanizmlərindən istifadə etməlidir.

– Dünya təcrübəsindən danışardız, zəhmət olmasa. Məlumdur ki, hətta iri sosial platforma olan Facebookda bu sahədə müəyyən mexanizmlər işləyib hazırlayıb. Dünyada belə vəziyyət bu qədərmi kritikdir?

– Dünya səviyyəsində bu məsələ həmişə diqqət mərkəzində olub, bu sahədə dövlətlərin əməkdaşlığını nəzərdə tutan bir sıra konvensiyalar, müqavilələr qəbul edilib. Bunlara Azərbaycanın da qoşulduğu Ümümdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) müəlliflik hüququna dair Müqaviləsi, ÜƏMT-nın İfalar və Fonoqramlara dair Müqaviləsi, Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasını aid etmək olar.

Üzv dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlıq etməklə, resurslarını birləşdirməklə, daxili qanunvericiliklərində oxşar təminatlar və mexanizmlər əks etdirməklə, məlumat mübadilələri aparmaqla, müəlliflik hüquqlarının təmin edilməsi, piratçılığın, plaqiatın və digər qanunsuzluqların qarşısının alınmasına çalışırlar.

Sosial şəbəkələr ən çox məlumat mübadiləsinin həyata keçirildiyi məkandır. Sözsüz ki, bu qədər məlumat axınında müəlliflik hüquqlarının qorunması olduqca aktual məsələdir.

Bəlkə də bir ölkə sərhədləri və yurisdiksiyası çərçivəsində şəbəkələrdə müəllif hüquqlarını müdafiəsini müəyyən qədər təmin etmək olar, amma məsələnin dairəsi bir neçə dövləti əhatə edəndə, yəni bu hüquqlar bir dövlətdə yaranıb başqa dövlətdə pozulduqda müdafiəni təmin etmək çətindir.

Burada eyni zamanda, müəlliflik hüququnun yarandığı və (və ya) istifadə edildiyi müxtəlif dövlətlərin daxili hüquq qaydalarının, təminatların və müdafiə mexanizmlərinin fərqliliyinə də diqqət yetirmək lazımdır.

Məsələn, son aylarda Facebook şəbəkəsində bir çox istifadəçilər kütləvi şəkildə eyni məzmunlu şablon bəyanat yayaraq, özlərinin bu şəbəkədəki “məlumatlarına, bu məlumatlara aid təfərrüatlar, fotolar, şəkillər, yazışmalarına” və s. müəlliflik hüququnun obyekti sayaraq onların istifadəsinə onlardan yazılı icazənin tələb olunduğunu bəyan edirdilər. Həmçinin, göstərilirdi ki, “kimsə öz səhifələrində belə bir elanı yerləşdirməsə, bu o anlama gəlir ki, onun səhifəsinə aid istənilən məlumat, foto, şəkil yaxud yazışmanın istifadəsinə o şəxs icazə vermiş olur”.

Bu nəticə düzgün deyil. Bəlkə də belə bəyanatlar, qaydalar bu şəbəkənin idarə edildiyi ABŞ-da effektiv ola bilər. Amma Azərbaycanda belə bəyanatların heç bir xüsusi qoruyucu qüvvəsi yoxdur və bunlara ehtiyac da yoxdur, yəni bunu etməmək heç də başqalarına icazə vermək anlamına gəlmir. Azərbaycanın “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununda (bölmə 2, fəsil 1) əvvəldə qeyd edildiyi kimi, belə hüquqların obyekti ola biləcək konkret kateqoriyalar göstərilib.

Əgər kiminsə həmin qanuna əsasən belə hüquqların obyekti ola biləcək əsəri varsa, bu hüquqlar belə bəyanatlar olmadan da yaranır və qorunur. Qanunun 5-ci maddəsi deyir ki, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.

Ümumiyyətlə, beynəlxalq və dövlətlərarası səviyyədə müdafiə məsələsinin, mexanizmərinin açıq qalan tərəfləri var. Bu istiqamətdə daha çox əməkdaşlığa ehtiyac var.

– Hansı beynəlxalq təcrübəni ölkəmizə tətbiq edə bilərik?

– Avropa İttifaqı bizə daha yaxın və uyğun təcrübədir. Avropa İttifaqının 22 may 2001-ci il tarixli “Müəlliflik hüququ” direktivi və digər aktlarından sonra Avropa İttifaqı üzv ölkələrində bu sahədə təcrübələrin ümumiləşdirilməsi, harmonizasiyası istiqamətində həm hüquqi, həm institusional səviyyədə xeyli işlər görüldü. Bildiyim qədəri ilə, Azərbaycan bu sahədə artıq Avropa İttifaqı təcrübəsindən faydalanır, Avropa ölkələri ilə birlikdə bir sıra layihələr, o cümlədən, Twinning layihəsini həyata keçirir. Fikrimcə bu istiqamətdə həm Ümümdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində, həm də dövlətlərlə ikitərəfli razılaşmalar çərçivəsində işlər davam etdirilməlidir.

– Müəllif hüququ pozulduğu təqdirdə, “cinayət” törətmiş şəxsə qarşı hansı cəzalandırma tədbirlərinə əl atılır?

– Müəlliflik hüququnun pozulmasına görə yuxarıda qeyd olunan mülki məsuliyyət halları ilə yanaşı qanunvericilikdə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 50-ci maddəsinə əsasən müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda (min manatadək) ziyan vurduqda – pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsinə əsasən isə müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda (min manatdan artıq) ziyan vurulmuşsa, yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

165.2-ci maddəyə əsasən isə eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

– Necə düşünürsüz, cəzalandırma tədbirləri yetərlidirmi? Cəzalandırma, yoxsa bu sahədə insanları maarifləndirmək lazımdır?

– Əlbəttə ki, yalnız cəzalandırmaq yolu ilə heç bir qanun pozuntusunun qarşısını tam almaq mümkün deyil. Digər sahələrdə olduğu kimi, bu sahədə də maarifləndirmə və məlumatlandırma işləri aparmaq, eyni zamanda, müəllifin yuxarıda sadalanan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarına, o cümlədən, qonorar almaq hüququna hörmət etmək vərdişləri və mədəniyyətini inkişaf etdirmək lazımdır. Tam şəkildə qəbul edilməlidir ki, müəllif də mülkiyyətçidir, əsər onun mülkiyyətidir, bu əsərdən yalnız qanunla müəyyən edilmiş qaydada və şərtlərlə, o cümlədən, haqqı ödənilməklə istifadə etmək olar. Fikrimcə, televiziyalarda, radiolarda buna aid sosial çarxların, verilişlərin sayı çox olmalıdır.

Qeyd: yazı https://oxu.az/economy/54793 linkindən götürülmüşdür.