Müəlliflik və digər əqli mülkiyyət hüquqlarının əhəmiyyəti

Hüquqi demokratik dövlətlər sırasına daxil olan Azərbaycanın bir çox vacib atributları sırasına əqli mülkiyyət sahəsində dövlət siyasəti, yaradıcı, əqli əməyə ictimai münasibət də daxildir.Konstitusiyanın 30-cu maddəsində də qeyd olunduğu kimi, “Hər kəsin əqli mülkiyyət hüququ vardır və müəlliflik hüququ qanunla qorunur”.Bu maddə özlüyündə Azərbaycan rəhbərliyinin gənc, müstəqil dövlətimizin həyat fəaliyyətinin bu vacib sahəsində düşünülmüş və uzaqgörən siyasətini əks etdirir.Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısı Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Müəllif Hüquqları Agentliyi bu sahədə ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda yaradılaraq, 1996-cı ildə müstəqil Azərbaycanın əqli mülkiyyət sahəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” ilk Qanunu və 2002-ci ildə “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun qəbul edilib.

İncəsənət və ixtiraların bütün növlərinin etibarlı qorunması dövlətin borcudur

Dövlət başçısı İlham Əliyevin göstərdiyi qayğı və dəstək sayəsində isə son illər analoqu olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilib, Azərbaycan 2006-cı ildə ABŞ Hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılıb, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılıb, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafına aid Uzunmüddətli Milli Strategiya hazırlanmış, Aİ ilə Tvinninq layihəsi həyata keçirilmiş, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilib.

Bəs əqli mülkiyyət aləminin fenomeni nədədir, onun obyektləri nə olan şeylərdir, nə üçün onları qorumaq lazımdır və bu qorunma dünyada necə həyata keçirilir?

Əvvəla onu deyək ki: “Bütün incəsənət əsərləri və ixtiralar insan dühasından yaranır. Bunlar insanın layiqli həyatı üçün təminat mənbəyidir.İncəsənət və ixtiraların bütün növlərinin etibarlı qorunması dövlətin borcudur”.Doktor Arpad Boqşa məxsus olan bu əhəmiyyətli sözlər ÜƏMT-nin Cenevrədə yerləşən mənzil-qərargahının günbəzində yazılıb.Yazı mahiyyətcə və fəlsəfi baxımdan parlaq və anlaşıqlı şəkildə əqli mülkiyyətin müasir dünyada rol və əhəmiyyətini təsvir edir.

Əqli mülkiyyət ona daxil edilmiş yaradıcı ideyalar baxımından dəyəri olan informasiyadan ibarətdir

Əqli mülkiyyətə daxil edilən əsərlər, ixtiralar və insan zəkasının digər yaradıcılıq sərvətlərinin təsvir olunmasına gəldikdə isə onu deyək ki, həqiqətən, bizi əhatə edən ənənəyə çevrilmiş, istifadə edilən predmetlər çoxluğunun yaradıcıları vardır.Həmin əşyaların yaradıcılarına, yaradıcı şəxslərinə onlar tərəfindən fikirləşib, gözəl və rahat şəklə gətirildiyinə görə biz minnətdar olmalıyıq.Kitab və kompüterlər, saat, yuyucu maşınlar və bizim təmasda olduğumuz digər predmetlər öz yaradıcılarının beyin, zəka, yaradıcılıq, bir sözlə, əqli (intellektual) əməyinin nəticələrinin məhsuludur.Bu predmetlər yaradıcıların müxtəlif intellektual əməyinin birləşməsi, sintezidir.Nümunə kimi, saatı götürək.Kimsə saat mexanizminin işləməsini kəşf edib, digər yaradıcı onun müəyyən funksional xassələrini təkmilləşdirib, üçüncüsü saatı bugünkü formaya gətirib, nəhayət, digəri öz ustalığı ilə siferblatı yaraşdırıb.Bu birgə zəhmətlər əməyin böyük intellektual məsrəflərini tələb edib ideya kəşfə, yaxud ixtiraya çevrilib əsər yaradılıb.Öz əməyi ilə maddi əşyanı yaradan şəxsin həmin əşyaya mülkiyyət hüququnun yarandığı qaydada yaradıcılıq nəticəsində, intellektual əməyin bəhrəsinə və yaradılmış informasiyaya da mülkiyyət hüququ yaranır. Beləliklə, təbiətin yaradıcıya bəxş etdiyi, öz əməyinin nəticələrindən

istədiyi kimi istifadə etmək kimi ayrılmaz hüququ “Əqli mülkiyyət” anlayışını əmələ gətirir. “Əqli mülkiyyət” ifadəsini işlədərkən bilməliyik ki, söhbət qorunan intellektual yaradıcılıq məhsulundan, yəni yaradıcılarına məxsus olan və yalnız onların icazəsi ilə istifadə edilə bilən mülkiyyətdən gedəcək.

Fəqət, əqli mülkiyyət ona daxil edilmiş yaradıcı ideyalar baxımından dəyəri olan informasiyadan ibarətdir.Elə bu informasiya da kommersiya dəyərinə malikdir.”Əqli mülkiyyət” anlayışına daxil olan obyektlərin (kəşf, ixtira, əsərlər və s.) öz sahibləri vardır və əqli mülkiyyət hüquqları onlara məxsusdur.Əmlak hüquqları müəllifin ayrılmaz olan şəxsi hüquqlarından fərqli olaraq, müəllifin razılığı əsasında digər tərəfə verilə bilər.Belə ki, müəllifin ilkin əmlak hüququnun keçməsi nəticəsində digər tərəfin törəmə sahiblik hüququ yaranır.Əqli mülkiyyətin maddi və şəxsi əmlaka xas olan bir çox xüsusiyyətləri vardır.Əqli mülkiyyət bir mülkiyyət kimi alqı-satqı, icarəyə verilmək, dəyişmək, yaxud əvəzsiz vermək vasitəsinə çevrilə bilər və onun hər hansı istifadə forması sahibi tərəfindən təsdiq edilməlidir.Lakin əqli mülkiyyətin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o maddiləşmiş, yəni toxunmaqla hiss olunan formada deyil.

 

Əqli mülkiyyət hüquqlarının müəyyən hissəsi qeyri-ənənəvi obyektlərlə də bağlıdır

Əqli mülkiyyət toplanmış, ümumiləşdirilmiş anlayış olduğundan onun tərkibi bu anlayışın vacib əlamətlərini özündə daşıyan və bu anlayışın sinfini, mahiyyətini müəyyən edən bəzi obyektlərin məcmusundan yaranır.

Kompüter proqramları və məlumat bazaları daxil olmaqla, elmi, ədəbi və bədii əsərlər, ifaçılıq fəaliyyətinə, fonoqram istehsalına və radio-televiziya verilişləri, o cümlədən də insan fəaliyyətinin bütün sahələrinə aid olan ixtiralara, elmi kəşflər bu məcmuələrə daxildir.

Əqli mülkiyyətin ən vacib və böyük tərkib hissəsini isə elm, ədəbiyyat və incəsənət əsərləri ilə bağlı müəlliflik hüququ və ona oxşar olan ifaçıların, fonoqram istehsalçılarının, radio-televiziya yayım təşkilatlarının əlaqəli hüquqları təşkil edir. Əqli mülkiyyətin ikinci vacib hissəsini ixtiralar, faydalı modellər və sənaye nümunələri ilə bağlı patent hüququ təmsil edir. Nəhayət, bunların arxasınca əmtəə nişanları və coğrafi göstəricilər və digər obyektlərlə bağlı hüquqlar gəlir.Əqli mülkiyyət hüquqlarının müəyyən hissəsi qeyri-ənənəvi obyektlərlə də bağlıdır.Bunların sırasında inteqral sxem topologiyaları və məlumat topluları müasir İKT-nin nəticəsidir.Qeyri-maddi mədəni irsin qorunmasında ənənəvi mədəni nümunələr (folklor nümunələri) və ənənəvi biliklərə əqli mülkiyyət hüquqları verilməsi müstəsna əhəmiyyətə malikdir və bu növ obyektlər də qeyri-ənənəvi obyektlər kimi qəbul olunurlar.

 

Əqli mülkiyyət hüquqları sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amillərdən biridir

Məlumat üçün bildirək ki, elm və texnikanın inkişafı, rəqəm və texnologiyalarının tətbiqi və yaradıcılıq nəticələrinin istifadə miqyasının genişlənməsi əqli mülkiyyət hüquqların iqtisadi əhəmiyyətinin artması və IT-IP cütlüyünün bir-birinə təsiri və inteqrasiyası ilə əlaqədar problemlər, ölkə daxilində və beynəlxalq qanunvericilikdə müəlliflərin və digər hüquq sahiblərinin maraqlarını təmsil edən çoxsaylı ictimai təşkilatların fəaliyyətinin koordinasiya edilməsi və nəzarətin zərurəti, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində hüquq pozuntularının sayının artması və nəhayət, ictimaiyyətdə bu hüquq pozuntularına qarşı münasibət və s. ona gətirib çıxarıb ki, dövlətin ənənəvi qanunvericilik, tənzimləyici və idarəçilik funksiyaları ilə yanaşı, həmin sahələrdə koordinasiya və nəzarət funksiyalarının da əhatə olunmasını tələb edir. Agentliyin fəaliyyətinin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi göstərir ki, dövlətin bu sahədəki artan rolu bir sıra yeni istiqamətləri əhatə edəcək.

Azərbaycan üçün əqli mülkiyyətin iqtisadi əhəmiyyəti şübhəsizdir.Bu gün elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi və informasiya cəmiyyətinin inkişafında geniş istifadə olunması vacib əhəmiyyət daşıyır.Əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amillərdən biri olduğu da şübhəsizdir.

İqtisadiyyatda əqli mülkiyyətin artan rolu müəssisə, firma və digər təşkilatlarda qeyri-maddi aktivlərin payının artması və maddi aktivlərin isə nisbət payının azaldılması ilə müşahidə olunur.Beləliklə, iqtisadi subyektlərin aktivlərinin oriyentasiyasının dəyişilməsi və əqli mülkiyyət ən dəyərli aktiv kimi kommersiya əqdlərində iştirakı aktivlərdə olan əqli mülkiyyət obyektlərinin dəyərləndirilməsini tələb edir.Bununla əlaqədar Agentlikdə əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsi üzrə “Biznes və əqli mülkiyyət obyektləri” praktiki tövsiyələr hazırlanıb.Son 20 ildə əqli mülkiyyət fenomeni sürətlə inkişaf edərək, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində və bu intellektual məhsulların yayılmasında ən vacib amil kimi çıxış edir.Beton və dəmirə əsaslanan iqtisadiyyat “biliklərə və ideyalara əsaslanan iqtisadiyyata” çevrilib və bu iqtisadiyyatın əqli mülkiyyətində cəmləşən intellektual kapital özünü əsas valyuta kimi aparır.Azərbaycan hökuməti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının təminatını prioritet sahə kimi qəbul edərək, dünyadakı dəyişiklikləri diqqətlə izləyir və bu sahədə dinamik inkişafı təmin etmək üçün bir sıra kompleks tədbirlər həyata keçirir.

… internetin sərhəd tanımadığıbir vaxtda müəlliflik hüququnun pozulmasının qarşısını tam almaq real deyil

Hüquqşünas Allahverən Oruclu isə hesab edir ki, əqli mükiyyət hüququnun pozuntunun dərəcəsindən asılı olaraq vətəndaş məhkəmədə mülki qaydada iddia qaldıra, habelə, inzibati və cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər: “Vətəndaş eyni zamanda, müəllif hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə müraciət edə bilər. Belə ki, həmin Agentliyin əsasnaməsinə görə, bu dövlət orqanının funksiyalarından biri də odur ki, o, pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir. Habelə, həmin orqan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin piratçılıq yolu ilə istehsalına və yayılmasına, habelə nəzarət markası yapışdırılmayan nüsxələrinin yayılmasına qarşı inzibati tədbirlərin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərir. Baxmayaraq ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur, gələcəkdə mübahisələrini daha tez və asan həll etmək, mövqeyini sübut etmək üçün müəlliflik hüquqlarını əvvəldən Müəllif Hüquqları Agentliyində qeydiyyata aldırmaları məsləhətdir.

Hüquqşünasın sözlərinə görə, informasiya texnologiyalarının bu cür inkişaf etdiyi, internetin sərhəd tanımadığı bir vaxtda müəlliflik hüququnun pozulmasının qarşısını tam almaq real deyil: “Amma Azərbaycanın Müəllif Hüquqları Agentliyi və onun yanında Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən bu sahədə müəyyən işlər görülür. Xüsusilə, Agentlik digər Avropa ölkələri ilə birlikdə internet şəbəkəsində müəllif hüquqlarının qorunması sistemini, bazasını yaradır.İstənilən halda burada daha çox sayıqlıq müəlliflərin öz üzərinə düşür.Öz hüquqlarının pozulduğunu hesab edən müəllif dərhal müdafiə mexanizmlərindən istifadə etməlidir”.

Qeyd: məqalə http://www.copag.gov.az/copag/az/content/news/693 linkindən götürülmüşdür

tarix: 2017-05-16