Sahibkarlığa dəstək kontekstində inzibati cərimələrin məbləğlərinə yenidən baxılması təklifi

Sahibkarlığa dəstək kontekstində inzibati cərimələrin məbləğlərinə yenidən baxılması təklifi

Son dövrlər sahibkarlığa dəstək vermək, inkişafına daha münbit şərait yaratmaq məqsədi ilə bir sıra yeni qanunvericilik aktları qəbul edilmişdir. Bunlara sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasını, “Lisenziya və icazələr haqqında” qanunun qəbul edilməsini, lisenziya tələb olunan fəaliyyət növlərinin və sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahılarının təsdiq edilməsini, “İnvestisiya təşviqi sənədi”nin, “investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, minimal məbləğ və inzibati ərazi vahidləri”nin təsdiq edilməsini, investisiya təşviqi üçün 7 illik vergi və gömrük tariflərində güzəştlərin verilməsini, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına 3% ixrac təşviqinin ödənilməsinin qərara alınmasını, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsinin, “Elektron hökumət” portalında gömrük rəsmiləşdirilməsinə dair elektron xidmətlərin tətbiqinin, bəyannamələrin elektron qəbul edilməsinin, idxal-ixracda tələb edilən sertifikatların azaldılmasının, , gömrük sərhədində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadənin qərara alınmasını, müxtəlif hakimiyyət instansiyalarında Apellyasiya Şuralarının yaradılmasını, “Sahibkarlar Günü”nün təsis edilməsini və digər bu kimi hüquqi tədbirləri qeyd etmək olar.

Son günlərdə qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklikləri isə xüsusilə qeyd etmək olar. Belə ki, digər dəyişikliklərlə yanaşı Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində cinayətlər fəslində olan maddələrdə qeyd edilən, vurulmuş zərərin xeyli miqdar və külli miqdar məbləğləri artırıldı. Yəni daha yüksək məbləğlərdə ziyan vurulmalıdır ki, əməl müvafiq maddələr üzrə cinayət sayılsın. Əks halda əməl dekriminallaşır. Bu dəyişikliyi bəzi ekspertlər əhəmiyyətinə görə “iqtisadi amnistiya” da adlandırırlar.

Lakin bunlarla yanaşı, hazırda qanunvericiliyimizdə bir sıra müddəalar var ki, ölkəmizdə aparılan sahibkarlığa dəstək siyasəti və sahibkarlığın təşviqi əhval-ruhiyyəsinda onlara yenidən baxmaq məqsədəmüvafiq olardı. Buna hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (İXM) hüquqi şəxslər üçün müəyyən edilmiş inzibati cərimələrin yüksək məbləğləri daxildir. Belə ki, İXM-yə əsasən hüquqi şəxsdən 50 000 (əlli min) manatadək inzibati cərimə tutula bilər. Hazırda İXM-də yüzdən çox inzibati xəta üzrə 5 mindən 50 min manatadək inzibati cərimə müəyyən edilib.
Məsələn, 50 000 manatadək cərimə İXM-nin 248.2, 286.2 maddələrində, 40 000 manatadək 248.1.3, 436, 578.2 maddələrində, 30 000 manatadək 210.1, 513, 253.3.4 maddələrində, 25 000 manatadək 192.1, 237, 253.2, 253.3.3, 370, 394.0.7, 395.1, 395.2, 516.0.2 maddələrində, 20 000 manatadək 210.1, 237.2, 369.2, 370, 438, 516.0.2, 548.3, 578.1 maddələrində, 15 000 manatadək 163, 235, 238.1, 253.3.1, 266.2, 268.0, 272.2, 337.6, 394.0.7, 395.1, 395.2, 407, 439.2, 478, 578.1, 598.0.6 maddələrində, 10 000 manatadək 215.1, 254, 255, 261, 266.2., 269.0, 336.3, 337.2, 419, 427, 432.1, 439.2, 443.1, 466.2, 478, 192.9, 231.1, 231.2, 233.2, 234.0.6, 236.1, 236.2, 237.1, 238.2, 239, 240, 241, 244.1, 253.3.2, 254.0.7, 266.1, 275.2, 337.3, 350.1, 369.1, 387, 397, 406, 427, 428.9, 428.11, 429.0, 431, 440, 441, 447.0, 448, 466.2, 468, 472, 548.1 maddələrində, 3 000 manatdan 5 000 manatadək 181.0.4, 192.8, 228, 230, 231.4, 243.0, 245.2, 247.1, 247.2, 257, 262.1, 270.0., 273.0, 292.1, 292.2, 295.2, 335.3, 335.5, 336.1, 336.2, 336.4, 337.1, 348, 353.3, 359, 363, 364, 366, 368, 380.1, 380.2, 380.3, 383.2, 384.0.6, 385, 403, 415, 416.0, 428.11, 439.1, 442, 459.1, 459.2, 459.3, 459.4, 465, 469.2, 470, 471, 474, 514.0.4, 528.1, 582, 597.0 maddələrində nəzərdə tutulmuşdur.
Hüquqi şəxslər, əsasən də kommersiya hüquqi şəxsləri (şirkətlər) Azərbaycanda sahibkarlığın və ümumiyyətlə iqtisadiyyatımızın önəmli hissəsi və təkanverici qüvvəsidir. 2008-ci ilin yanvarın 1-dən kommersiya hüquqi şəxslərin bir pəncərə prinsipi ilə qeydiyyata alınmasından bu günə qədər şirkətlərin sayı bir neçə dəfə artmışdır. Hazırda sayları on minlərlə ölçülən həm bu şirkətlərin, həm də əvvəlki dövrlərdə yaradılmış şirkətlərin fəaliyyətdə olan hər biri bu yüksək məbləğli inzibati cərimələrlə üzləşə bilər.
Nəzərə alınmalıdır ki, İXM-də qeyd edilən qanun pozuntuları cinayətlər deyil, cinayətlərdən daha az ictimai təhlükəli sayılan inzibati xətalardır. Qeyd olunanlar heç də inzibati xətaların törədilməsinə haqq qazandırmaq məqsədi daşımır. Hər bir sahibkar, şirkət fəaliyyətində qanunvericiliyin tələblərinə riayət etməli, heç bir qanun pozuntusu (inzibati xəta və ya cinayət) törətməməli, qanunla qorunan ictimai münasibətlərə, hüquqlara, dəyərlərə, insanların və dövlətin maraqlarına ziyan vurmamalı, eyni zamanda, törətdiyi hər bir qanun pozuntusuna görə məsuliyyət daşımalıdır, ağırlaşdırıcı hallarda törədilən qanun pozuntularına görə isə daha ağır cəza ilə üzləşməlidir.
Lakin, şirkətlərə tətbiq edilən inzibati cərimələr elə məbləğdə olmalıdır ki, onların tətbiqi şirkətlərin fəaliyyətini iflic etməsin, onları iflasa, müflisləşməyə, ləğv edilməyə və ya fəaliyyətini dayandırmağa aparmasın. Əks halda, bundan tək şirkət və sahibkar əziyyət çəkməyəcək, bu, həm də işçilərin ixtisarına, mənfəətin azalmasına, nəticədə dövlət büdcəsinə ödənilən vergilərin azalmasına gətirib çıxaracaq və bütövlükdə ölkə iqtisadiyyatına zərbə vuracaq.

Digər diqqət yetirilməli məsələ İXM-də müəyyən edilmiş cərimə məbləğlərinin hədlərinin bütün hüquqi şəxslər üçün eyni olmasıdır. Yəni məsələn, hansısa inzibati xətaya görə müəyyən edilmiş 35 000 manatdan 45 000 manat məbləğədək inzibati cərimə bütün hüquqi şəxslərə tətbiq edilə bilər.
Halbuki, şirkətlərin böyüklüyünə görə növləri (kiçik, orta və iri sahibkarlıq subyektləri), maddi vəziyyətləri fərqlidir. Bir çox şirkətlərin nəinki mənfəəti, heç bütöv illik dövriyyəsi həmin məbləğlərdə deyil və belə yüksək inzibati cərimələr onların bir çoxları üçün “ölüm hökmüdür”.
Düzdü, İXM-nin 31.3-cü maddəsində göstərilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Lakin bu maddə müvafiq inzibati xətanın sanksiyasındakı inzibati cərimənin məbləğindən (müsbət halda onun aşağı həddindən) kənara çıxmağa imkan vermir. Yəni məhkəmələr hüquqi şəxsin xeyrinə olan halları nəzərə alsalar da belə sanksiyada göstərilən məbləğdən daha aşağı məbləğdə cərimə qərarı verə bilmirlər. Ən yaxşı halda sanksiyanın minimum məbləğini tətbiq edirlər.
Digər tərəfdən, elə inzibati cərimələr var ki, yalnız bir məbləğdə verilib (məsələn, … hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir). Bu halda isə məhkəmənin ümumiyyətlə, hansısa halları nəzərə alıb fərqli qərar qəbul etmək imkanı olmur.
Hətta Cinayət Məcəlləsində törədilmiş cinayətlərə müvafiq maddələrdə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması imkanı müəyyən edilir (Cinayət Məcəlləsinin 62.1-ci maddəsi). Oxşar imkanın İXM-də olması sahibkarlığın maraqlarına xidmət edən addım olardı.
Misal üçün, bu məsələ Rusiya Federasiyasında müəyyən qədər həll edilib. Belə ki, Rusiyanın Konstitusiya Məhkəməsi 25 fevral 2014-cü il tarixli qərarı ilə müəyyən xətalar üzrə sanksiyalarında minimum hədlərin müəyyən edilməsini konstitusiyaya zidd saymış, sanksiyalarda göstərilən inzibati cərimənin minimum məbləğindən daha aşağı məbləğdə cərimə tətbiq etməyin mümkünlüyünü qeyd etmiş və qanunverici orqana bununla bağlı qanunvericiliyə dəyişikliklər etməyi tövsiyə etmişdi. Oxşar qərarın və ya qanunun Azərbaycanda da qəbul edilməsi məqsədəmüvafiq olardı.

Eyni zamanda, bir çox sanksiyalarda alternativ inzibati tənbeh növləri də yoxdur ki, məhkəmə işin hallarını nəzərə alıb alternativ cəza (xəbərdarlıq və s.) tətbiq etsin.
Doğrudur, pozuntuların aradan qaldırılmasına şərait yaradılması məqsədi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi imkanı İXM-nın 116-cı maddəsində nəzərdə tutulub. Sadəcə onun tətbiq edildiyi xətaların siyahısı olduqca məhduddur və yaxşı olardı ki, şərti olaraq tətbiq edilən inzibati xətaların siyahısı sahibkarlıq subyektləri olan hüquqi şəxslərə aid, bir çox inzibati xətalar hesabına işin hallarına uyğun olaraq artırılsın.

Başqa bir diqqətəlayiq məsələ hüquqi şəxslərə tətbiq edilən bəzi inzibati cərimələrin məbləğlərinin xətanın xarakterinə, onun ictimai təhlükə dərəcəsinə, vurduğu zərərin əhəmiyyətinə görə adekvat olması məsələsinə yenidən baxılmasıdır. Bu hallara yenidən baxıb zamanın tələblərini və sahibkarların maraqlarını nəzərə alaraq qiymətləndirməklə, bəzi inzibati cərimələri daha az məbləğdə müəyyən etmək, bəzilərini isə ümumiyyətlə İXM-dən çıxarmaq olar.
Məsələn, Maddə 192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulması (yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə); Maddə 287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması (min manatdan min beş yüz manatadək məbləğdə cərimə); Maddə 389. Statistik məlumatların verilməsi qaydalarının pozulması (üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə); Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi (hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə); Maddə 426. Səhmdarın hüquqlarının pozulması (hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir); Maddə 445. Qiymət intizamının pozulması (səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə); Maddə 444. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə); Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması (min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə). Bu siyahını da İXM-nin digər oxşar maddələri ilə uzatmaq olar.

Həmçinin qeyd edilməlidir ki, İXM-də qeyd edilən bəzi inzibati xətalara görə tətbiq edilən inzibati cərimədən əlavə hüquqi şəxsi həm də digər qanunlarda göstərilən əlavə sanksiyalar da gözləyir.
Məsələn, İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- …. hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir (bu əməl üzrə cinayət məsuliyyəti yaranmasa inzibati məsuliyyət tətbiq edilir).
Bununla yanaşı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Hesab edirəm ki, bir xətaya və bu xətanın törədilməsi nəticəsində meydana gələn (nəticədən törəyən) digər hala görə hüquqi şəxsin (işəgötürən) üzərinə həm cərimə, həm də maliyyə sanksiyasının qoyulması məqsədəmüvafiq deyil. Çünki, hüquqi şəxs (işəgötürən) yalnız bir qanun pozuntusu törədir (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edir) və digər hal (fiziki şəxslərin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması) birinci qanunsuz hərəkətdən törəyir. Bu zaman o da nəzərə alınmalıdır ki, vergi ödəməkdən yayınmaya görə onsuz da ayrıca məsuliyyət növləri vardır.
İXM-də göstərilən inzibati xətalarla digər qanunvericilik aktlarında göstərilən eyni, oxşar və ya “nəticələrdən törəyən” hüquq pozuntularının bir birini təkrarlamaması üçün digər qanunvericilik aktlarında göstərilən sanksiyalar aradan qaldırılmalıdır (Cinayət Məcəlləsindən başqa). Yəni bir qanun pozuntusuna görə qanunvericilikdə bir məsuliyyət növü (cəza) müəyyən edilməlidir və ya ən ağır cəza tətbiq edilirsə, ondan yüngül cəzalar tətbiq edilməməlidir (məsələn, hansısa əməl Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradırsa, İXM-də olan məsuliyyət növləri (inzibati tənbehlər) tətbiq edilmir. Bu qaydanı digər sahələrə də aid etmək olar, məsələn, əməl İXM-yə əsasən inzibati məsuliyyət yaradırsa, eyni və oxşar əməllərə görə Vergi Məcəlləsində olan sanksiyalar tətbiq edilməsin.

Bu yazıda vurğulanan dəyişikliklərin edilməsi həm də xarici investisiyaların cəlb edilməsinə xidmət edər. Çünki biznes mühitini əks etdirən faktorlardan biri də dövlətin qanunlarında hüquq pozuntularına adekvat cəzaların (tənbehlərin, sanksiyaların və s.) olmasıdır.

Oxşar mülahizələri və yanaşmanı fərdi sahibkarların aid edildiyi inzibati məsuliyyətin digər subyekti olan vəzifəli şəxslərə tətbiq edilən inzibati cərimələrlə bağlı da yürütmək olar. Onlar üçün də İXM-də on min manatadək olan yüksək məbləğdə inzibati cərimələr müəyyən edilir ki, bu da onların bir çoxlarının fəaliyyəti üçün “ölüm hökmüdür”.

Qeyd: Məqalə http://lawreform.az/upload/Jurnal_11_n.pdf linkindən götürülmüşdür.

AZƏRBAYCAN VƏKİLİ jurnalı  ‐  XI nömrə, səh 5